ANTIK DOVUR.
Azərbaycanın ən qədim tayfa ittifaqları haqqında ilk məlumata er.əv. 23-cü yüzilliyə aid şumer-akkad yazılı mənbələrində rast gəlinir. Bu mənbələrdə Azərbaycanda mövcud olmuş kuti, lulubi və hurri tayfa ittifaqları haqqında bəhs edilir. Məlum olur ki, Akkad hakimi Naramsinin dövründə (er.əv. 2236-2200) kutilər Mesopatamiyaya soxulmuş, onların başçısı Enridavazar akkad qoşununu məğlub edərək ölkənin cənub əyalətlərini zəbt etmişdi. Təxminən bu hadisələrdən bir əsr sonra Azərbaycan ərazisində yaranmış yeni tayfa ittifaqı lulubilər kutiləri özlərinə tabe etdirdilər. Lulubeylərin əsas əraziləri Urmiya gölüətrafında olmuşdur. Lakin sonradan onlar öz ərazilərini İran körfəzinə qədər genişləndirə bildilər. Bu tayfa ittifaqının ən parlaq dövrü er.əv. 2 minilliyə təsadüf edir. Hətta qüdrətli Assuriya dövlətini də lulubeylərdən olan sülalə idarə edirdi. Daha sonra tarixin səhnəsinə hurritlərin ittifaqı gəlir.
Hələ er.əv. III minilliyin sonuncu rübündə onların yazısı mövcud olmuşdur. Bu tayfa ittifaqı uzun sürən müharibələr nəticəsində Kiçik və Orta Asiyanın geniş ərazilərini özünə tabe etdirməyə müvəffəq oldu. Eyni zamanda Azərbaycanda kassit tayfaları da mövcud idi. Er.əv. 2 minilliyin əvvəlində kassitlər Babilistanı işğal edərək burada 500 ildən artıq hökmranlıq etmişdilər. Artıq er.əv. 2 minilliyin ikinci yarısında er.əv. 1 minilliyin əvvəllərində ölkədə ibtidai icma münasibətləri süquta yetir və ilk sinfi quruluş quldarlıq formalaşmağa başlayır.
Er.əv. 9-cu yüzillikdə Urmiya sahillərində ilk Azərbaycan dövləti adlandırıla bilən Manna yaranır. Onun baş şəhəri İzurtu olmuşdur. Artıq er.əv. 8 əsrdə Manna Asiyada mühüm siyasi qüvvə rolunu oynayırdı. Dövlətin ən parlaq dövrü hökmdar İranzunun hakimiyyəti illərinə təsadüf edir. Bu zaman Mannaya indiki Azərbaycanın bütün cənub və bəzi şimal (Naxçıvan) əraziləri tabe idi. İranzunun varisləri Aza və Ullusuna müxtəlif dövlətlərlə hərbi ittifaqlar yaradaraq öz ərazilərini genişləndirməyə çalışırdılar. Belə ki, er.əv. 714-cü ildə Ullusuna Assuriya dövləti ilə ittifaqda Urartunu məğlub edə bilmişdir. Lakin bunun ardınca Manna dövləti getdikcə tənəzzülə uğramağa başlayır. Sonuncu dəfə bu dövlətin adına er.əv. 616-cı ilə təsadüf edən "Hedda salnaməsində" rast gəlinir. Beləliklə, yaşı 3 min ildən artıq olan Azərbaycan dövlətçiliyinin ilkin nümunəsi Manna dövləti olmuşdur.
Təxminən e.ə. I minillikdə Midiya tayfa ittifaqı meydana gəlir və artıq e.ə. 7-ci yüzilliyin 1-ci yarısında bir dövlət kimi bərqərar olur. Midiya dövlətinin paytaxtı Ekbatan (müasir Həmədan) olmuşdur. Demək olar ki, eyni dövrdə Azərbaycanda skiflərin dövləti də mövcud idi. Bu dövləti Qafqaza Dərbənd keçidindən daxil olmuş köçəri tayfalar yaratmışdır. Həmin dövlət Ön Asiyanın o zamankı tarixində mühüm rol oynadığına baxmayaraq er.əv. VI əsrin 90-cı illərində yox olmuşdur. Elə bu dövrdə də Midiyanın yüksəlişi başlanır. Kiaksar şahın dövründə (er.əv. 625-585-ci illər) Midiya xüsusilə güclənərək Urartu və Cənubi Qafqazı özünə tabe etdirmiş, Assuriya imperiyasına bir neçə döyüşdə qalib gəlmişdir. Lakin artıq er.əv. 6-cı yüzilliyin ortalarında bu dövlət tənəzzülə uğrayır və onun əraziləri ilk fars dövləti olan Əhəmənilər imperiyası tərəfindən zəbt edilir. Bu imperiyanın hökmdarı şahənşah II Kirin dövründə (er.əv. 559-530) ölkənin paytaxtı Ekbatanatalan edilmiş, Midiyanın özü isə Əhəmənilər dövlətinin əyalətlərindən birinə çevrilmişdir. Müxtəlif xalqları və əraziləri özünə zor gücü ilə tabe etdirən bu dövlət artıq er.əv. 4-cü yüzilliyin 2-ci yarısında Makedoniyalı İsgəndər tərəfindən zəbt edilmişdir. Makedoniyalı İsgəndərin imperiyası Balkan yarımadasından Şimali Hindistana və Qafqazdan Misir və Fars körfəzinə qədər uzanan nəhəng bir ərazini əhatə edirdi. Bu imperiyanın əmələ gəlməsi tərkibində və qonşuluğunda olan xalqların mədəni, mənəvi, elmi və ictimai həyatlarına böyük təsir göstərmiş, qədim dünya tarixində yeni bir dövrün ellinizmin yaranmasına gətirib çıxardı. Ellinizm dövründə Azərbaycan ərazisində iki yerli dövlət Albaniya və Atropatena mövcud olmuşdur.
Yorumlar
Yorum Gönder